Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
Azərbaycan xalqı əsrlər boyu dünya ədəbiyyatı tarixinə müstəsna xidmətləri olan əvəzsiz simalar bəxş etmişdir. Belə şəxsiyyətlərin vasitəsi ilə Azərbaycanımız dünya mədəniyyəti səhnəsində tanınmış, ölkələrin və xalqların nəzərində yüksəlmiş, onların məhəbbətini qazanmışdır. Xalqımızı, vətənimizi dünya mədəniyyəti səhnəsində tanıdan belə şəxsiyyətlərdən biri də Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabidir.
Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.
Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs verməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır.
"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şerləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu.
Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər. Nəhayət, 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.
Beləliklə, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi.
Görkəmli alim, böyük ictimai xadim Həsən bəy Zərdabi xalqın qəlbində əbədi yaşadı. Yaşadı ona görə ki, milli mətbuatımızı yaratdı. Yaşadı ona görə ki, bir jurnalist kimi bu çətin və məsuliyyətli peşəsinin öhdəsindən nümunə olacaq bir tərzdə gəldi. Nəhayət yaşadı ona görə ki, ömrünün əksər hissəsini doğma Azərbaycanına xidmət edərək xalqının, millətinin maariflənməsinə sərf etdi.
Azərbaycan xalqı əsrlər boyu dünya ədəbiyyatı tarixinə müstəsna xidmətləri olan əvəzsiz simalar bəxş etmişdir. Belə şəxsiyyətlərin vasitəsi ilə Azərbaycanımız dünya mədəniyyəti səhnəsində tanınmış, ölkələrin və xalqların nəzərində yüksəlmiş, onların məhəbbətini qazanmışdır. Xalqımızı, vətənimizi dünya mədəniyyəti səhnəsində tanıdan belə şəxsiyyətlərdən biri də Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabidir.Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.