alexNoyabr 20, 2007 22:29
Xan İsgəndər Xan oğlu Xoyski
Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir. O, 1807-ci ildə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi.
F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.
1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: «Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. 1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.
Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olmuşdur.
1920-ci il aprelin 27-də Fətəli xan XI “qızıl” ordunun Azərbaycanın sərhədlərini keçib Bakıya doğru irəlləməsi xəbərini alır və bu hadisələrdən sonra Fətəli xan Xoyski öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci ilin iyunun 19-da muzdlu qatil tərəfindən arxadan güllə ilə vurulmuş və M. F. Axundovun yanında dəfn edilmişdir.
alexNoyabr 19, 2007 17:46
Məhəmməd Əmin RəsulzadəAzərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi. 1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib.