Lalə Şövkət
Lalə Şövkət
1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1968 ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb Institutuna daxil olub. Ilk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974 ildə institutu bitirdikdən sonra internaturaya Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilmişdir.
1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V. Vinoqradovun rəhbərliyi ilə davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1978-ci ildə N.V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətinə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlmişdir.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə edərək o zaman o, SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli tə?sir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.
Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.
Bir oğlu var.
1991-ci ildə RSFSR-nin baş naziri İ. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilmişdir.
Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Hey?ətinin üzvü olmuşdur. Fəlsəfə və hüquq doktoru fəxri adına layiq görülmüşdür.
1980-ci illərin sonunda Qarabağ problemin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirmiş və o, Sovet Ittifaqının demokratik hərəkatının aparıcı liderləri ilə sıx əməkdaşlığa başlamışdır.
1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətinə güclü təkan vermiş və həyatında dönüş nöqtəsi olmuşdur. Bununla bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik etmişdir.

1991-ci ildə SSRI-nin paytaxtı Moskvada Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olmuş və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədləyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olmuşdur.
Bu Hərəkatın nümayəndəlikləri Azərbaycanda, bir çox sovet respublikalarında və Avropa ölkələrində fəaliyyət göstərmişlər.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H. Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilmişdir.
1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında tüğyan edən korrupsiyaya və rüşvətxorluqa etiraz edərək təkidlə istefa vermiş və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaratmışdır.
Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmiş və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilmişdir. Lakin, o, qəbul etmədiyi siyasi kursun dünya ictimaiyyəti və tarix qarşısında vəkili olmaqdan qəti imtina etmiş və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifənin icrasına başlamamışdır.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilmişdir. "Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir" deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan etmişdir.
7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, "Milli Birlik" Hərəkatın lideri kimi qatıldı. Bununla o, ölkənin siyasi tarixinə daha bir ləyaqət səhifəsi yazdı, daha bir yeni ənənənin təməlini qoydu.
2005 Parlament Seçkilərində Lalə Şövkət "Milli Birlik" Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, bu seçkilərə 70 deputatlığa namizəddən ibarət siyasi komandası ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət inkaredilməz böyük qələbə qazanmışdır və onun mandatı rəsmən təsdiq edilmişdir. Lakin, total saxtakarlıq nəticəsində ALP-nin ən azı 11 namizədinin qələbəsi etiraf edilmədi, onların şikayətlərinə MSK və məhkəmələr tərəfindən baxılmadı. Eyni zamanda "Milli Birlik" Hərəkatının müttəfiqi olan "Azadlıq" Seçki Blokunun da 50-ə yaxın namizədinin qələbəsi inkar edildi. "Mandat yox, millət naminə" mücadiləyə çıxan Lalə Şövkət bu parlament seçkilərini müasir tarixdə böyük ədalətsizlik və öz millətin iradəsinə təcavüz kimi qiymətləndirdi. Bunu əsas tutaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi.
2006-cı ildə "Milli Birlik" Hərəkatı AXCP, ADP və VİP ilə birlikdə "Azadlıq" Siyasi Blokunu təsis edib, onun nəzdində fəaliyyət göstərir.


