Rauf Hacıyev
Bütün yaradıcılıqı boyu Azərbaycanın milli mədəniyyətinin zəngin ənənələrindən bəhrələnmiş, əsərlərinin hamısına milli melodiya hopdurmuş R.Hacıyev özünün fərdi, orijinal üslubunu yaratmışdı. Böyük istedada malik olan görkəmli bəstəkar həqiqətən "ürəkdən-ürəyə" yol tapan musiqi yaratmışdı. Təsadüfi deyil ki, "onun həyat janrı" məhz mahnı oldu və bəstəkar musiqi sənətində öz yolunu nəğmələrdə taparaq, ömrü boyu da bu janra sadiq qaldı.
Rauf Hacıyevin ilk müəllimləri musiqi sənətimizin korifeylərindən sayılan K.X.Səfərəliyeva və dahi bəstəkar Ü.Hacıbəyov olmuşlar.1940-cı ildə, 18 yaşında gənc bəstəkar özünün ilk sifarişini - "Tələbələrin kələyi" adlı operettasını yazdı. Bu vaxta qədər onun mahnıları melodikliyi, obrazlılığı və yumoru ilə seçilərək, populyarlıq qazanmışdı. R.Hacıyevin maraqlı bəstəkarlıq yolu beləcə - Üzeyirbəydən musiqi aləminə aldığı "xeyir-dua" ilə başlandı.
R.Hacıyevin digər görkəmli ustadı Qara Qarayev olmuş, konservatoriyada bəstəkarlıq təhsilini ondan almışdır. Məhz belə diqqətli, təcrübəli ustadın səyi nəticəsində R.Hacıyevin bəstəkarlıq istedadı geniş və yüksək peşəkarlıq səviyyəsinə qalxmışdı. O, 150-dən artıq mahnı yaratmışdı: "Mənim Azərbaycanım", "Gənclik valsı", "Yaz gəlir", "Abidə", "Sevgilim", "Bənövşə" və s. bu kimi adlar obraz, xarakter, əhval-ruhiyyənin yüksəkliyindən xəbər verir.
R.Hacıyevin mahnıları həmişə parlaq rənglər harmoniyasına, zərif naxışlı səs palitrasına görə tanınır və sevilir. R.Hacıyevin bəstəkar dəsti-xəttinin yaranması və kristallaşmasında mahnılar onun üçün bir laboratoriya olmuşlar. Digər tərəfdən mahnı bir "tikinti materialı" kimi başqa janrlara sızaraq məşhur ustadın yaradıcılıq zirvəsinin əsasını təşkil etmişdir.
R.Hacıyevin hər operettası - respublikadan kənarda belə maraqlı bir hadisə olmuşdur. Keçmiş ittifaqın neçə-neçə teatrları bunları səhnələşdirmiş və primyeralar çox böyük uğurla keçmişdir. Onların musiqisi koloritinə görə ifadəlidir, milli ritm və melodiyası ilə zəngindir, müasir caz, estrada elementiləri ilə xalq musiqisinin üzvi birləşməsinə bir nümunədir.
1971-ci ildə R.Hacıyev milli musiqi kadrlarının hazırlanması və professional musiqi təhsili sisteminin yaradılması məqsədilə əlcəzairə göndərilmişdi. O, bu ölkəni qarış-qarış gəzərək, milli musiqini öyrənir, orada olduğu 5 il müddətində əlcəzairin ilk 3 baletini yaradır: "Üç inqilab" (1973), "Alov" (1976), "Hürriyyət" (1979), Tunisdə, Mərakeşdə, Parisdə, Kubada tamaşaya qoyulmuş bu əsərlər böyük maraqla qarşılanmışdı.Bəstəkarı xalq rəqslərinin ünsürləri, eləcə də onların yüksək emosional ritm tonusu xüsusi cəlb edirdi. Konservatoriyanı bitirdikdən sonra o, "Rəqs lövhələri" əsərini (1954) yazır, sonradan isə "Xoreoqrafik süita"nı bəstələyir. 60-cı illərin 2-ci yarısında Azərbaycan balet sənətində bəstəkar və baletmeysterlərin kiçik miniatürlərin yaradılmasına meylliliyi müşahidə olunurdu. R.Hacıyevin bəstəkar marağından kənarda qalmayan daha bir dəyərli sahə-simfonik musiqidir. Onun simfonik üslubunun əsas "əlaməti" mahnı və rəqs janrlarının buraya fəal nüfuz etməsidir. Bunlar artıq parlaq və bədii cəhətdən mükəmməl şəkildə bəstəkarın iki erkən əsərində - indiyədək repertuarlarda qalan5 "Gənclik" simfoniyası (1953) və Skripka konsertində (1952) həyata keçirilmişdir.
Daha yetkin yaşlarında bəstəkar üç simfonik poemanı - "Şeyx Sənan" (1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984) poemalarını yazmışdır. Poema janrı R.Hacıyevin diqqətini kamera tərkibli orkestrlər üçün də cəlb edirdi: M.Maqomayevə həsr olunmuş "Poema-ekspromt", C.Cabbarlı və D.Şostakoviçə həsr olunmuş digər poemalar buna gözəl misaldır6.
Simfonik və vokal janrların qovuşuğunda R.Hacıyev kantata-oratorial janra müraciət etmişdir. 1976-cı ildə yazılmış "Səməd Vurğun" kantatası bu baxımdan çox maraqlıdır. Bu əsər Azərbaycan musiqisində həmin janrda yaranmış ən yaxşı nümunələrdən biridir.
Gənc yaşlarından klassik musiqi ilə yanaşı, Rauf Hacıyev cazla da maraqlanmağa başlamışdır. 18 yaşında ikən o, artıq Tofiq Quliyevin yaratdığı və rəhbərlik etdiyi ilk Azərbaycan Dövlət caz orkestrinin tərkibində çalırdı. Bu orkestrdə işləməsi cavan musiqiçi üçün böyük caz və improvizasiya məktəbi olmuşdur.
Müharibədən sonra orkestrin rəhbəri R.Hacıyev olur, onun sözlərinə görə bu, "yüksək dərəcəli orkestr idi". 1948-ci ildə verilən "İncəsənətdə formalizm haqqında Qərar" bütün caz kollektivlərinin ləğvinə səbəb olsa da, ancaq caz həm estrada mahnılarının harmoniya və aranjimanında, həm də musiqiçilərin qəlbində yaşamaqda davam edirdi. Bir çox caz musiqiçiləri kinoteatrlarda çalırdı. "Vətən" kinoteatrında "Salon orkestri" kimi tanınan kollektivə 1949-cu ildən 1956-cı ilə kimi R.Hacıyev rəhbərlik etmişdi. Bu orkestrin ifaçılarının əsas tərkibi 1954-cü ildə R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada orkestrinin özəyini təşkil etdi.
Tükənməz, qaynar enerjili insan R.Hacıyevin musiqi-ictimai fəaliyyəti-onun istedadının yeni, başqa bir tərəfi idi. 1964-cü ildə o, filarmoniyanın direktoru, bir ildən sonra isə Mədəniyyət naziri olmuşdur. Bu vəzifə Rauf Sultan oğluna milli mədəniyyətin bir çox problemləri ilə yaxından məşğul olmağa imkan vermişdi. Dövlət xor kapellası, Mahnı teatrı, Dövlət rəqs ansamblı - bu kimi yeni kollektivlər məhz onun təşəbbüsü ilə yaranmışdı. R.Hacıyevin təşəbbüsü ilə dünyada ilk dəfə Bakıda xalça incəsənətinin nadir xəzinəsi sayılan xalça muzeyi açılmışdır. Həmin dövrdə respublikada konsert-qastrol həyatı nəzərə çarpacaq dərəcədə fəallaşır, bir çox yubileylər, mədəniyyət dekadaları, caz festivalları keçirilir.
R.Hacıyev ən şərəfli titullara, o cümlədən SSRİ xalq artisti adına layiq görülmüşdü. Öz yaradıcılığı ilə Azərbaycan musiqisini dünyanın bir çox qitələrində təbliğ edən, dinləyicilərin qəlbini ovsunlamış Azərbaycan sənətkarlarının sırasına onun adı qızıl hərflərlə yazılmışdır. R.Hacıyevin musiqisi bu gün də bizim əməllərimizdə, fikrimizdə, ürəklərimizdə yaşayır. Bu nəğmələr bizi daha xeyirxah, gələcəyə daha inamlı, bir-birimizə mehriban olmağa səsləyir... Bütün bunlar - Rauf Hacıyevin bizə bəxş etdiyi ən qiymətli xəzinədir.

