Mirzə Babayev
1913-cü ildə də dünyaya gəlmişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.
O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada” mahnılarını onun ifasında dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.
M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı,
bəlkə də, iki o qədərdir
.

