Azərbaycan dilindən qorxurlar
İranın Şərqi və Azərbaycan ostanları adlandırdığı Güney Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisinə çox ciddi maneələr yaradılır.
4 ay əvvəl Təbriz Dövlət Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat fənninin tədris saatları əvvəlcə 10 dəfə azaldılıb, sonra isə ümumiyyətlə, ləğv edib.
Ərbədildəki Mühəqqiq Universitetində də müvafiq bölmənin yaradılmasına İran Təhsil Nazirliyir icazə verməyib.
İranın "Ali təhsil haqqında" qanununa görə, beşillik təhsil sisteminin genişləndirilməsi çərçivəsində Azərbaycan türkcəsində dil və ədəbiyyat bölmələrinin yaradılması nəzərdə tutulsa da, Xoydakı əyalət universiteti istisna olmaqla, heç bir ali təhsil müəssisəsində bu qərar yerinə yetirilmir.
İranın təhsil nazirliyi tələbələrin Azərbaycan dilində siyasi elmlər, informatika, jurnalistika, beynəlxalq əlaqələr, kibernetika, iqtisadiyyat, sosial və siyasi elmlərin də tədris olunmasına qarşı çıxıb.
Xatırladaq ki, siyasi elmlər, informatika, jurnalistika və beynəlxalq əlaqələr əslində Güney Azərbaycanının universitetlərindən heç birində indiyədək yaradılmamışdı.
Bu arada İranın hakimiyyət dairələri ABŞ-ın Kaliforniya Universitetinin aspirantı Eşa Möminini pullu zəmanətə buraxıb. ABŞ və İran vətəndaşı olan 28 yaşlı Mömini İrana informasiya toplamağa gəlmişdi. O, qadın hüquqları uğrunda mübarizəyə həsr olunmuş dissertasiya yazır.
Qız oktyabrın 15-də "yol hərəkəti qaydalarını pozmaq"da suçlanaraq həbs olunub, daha sonra isə ona qarşı "ölkənin milli təhlükəsizliyinə təhdid yaratmaq və rəhbərliyi tənqid etmək" ittihamları irəli sürülüb.
Möminin atasının dediyinə görə, qızını azad etmək üçün ondan $200 min istəndiyi üçün Tehrandakı evini girov qoyub.


