Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı?mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət me'yarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü." Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səya-hətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli mə'lumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. Əbdürrəşid Bakuviyə böyük şöhrət gətirən "Kitab Təlxis əl-asar və əcaib əl-malik əl-qəhhar" (""Abidələr" haqqında kitabın ixtisarı və qüdrətli şahın mö'cüzələri") əsəri o zaman Şərqdə mə'lum olan ölkə və millətlər haqqında mə'lumat verir. Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, kitab XV əsrin birinci yarısında yazılmış, əlyazma nüsxəsi isə 1614 -cü ildə əl-Lazikiyə şəhərində köçürülmüşdür. Bu kitabın və onun fars dilinə tərcüməsinin başqa nüsxələri də vardır ki, dünyanın müxtəlif kitabxanalarında saxlanılır. Əbdürrəişd Bakuvi yaxşı tanıdığı Azərbaycan və xüsusilə də Bakı haqqında daha çox və orijinal mə'lumatlar verir. O, Azərbaycanı dördüncü və beşinci iqlim qurşaqları zonasına aid edir: "Azərbaycan?Kuhistan, Arran və Ermənistan arasında geniş məskunlaşmış bir vilayətdir. Orada çoxlu şəhər, kənd, dağ və çaylar vardır. Araz (Uvays) çayı barədə o yazır :"Bu çay bir çox ölkələrdən keçərək, Nakcuvan (Naxçıvan) yaxınlığındakı Diya əl-mülk körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı mö'çüzələrin biridir."

