Əbülfəz Elçibəy
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 24 İyun 1938'ci ildə Naxçıvan MR-da Ordubad rayonunun Kələki kəndində anadan olub.Unuskənd 7'illik məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirmişdir. 1957'ci ildə Bakı Dövlət Universitetinin (Universitet yaxın keçmişə qədər M. Ə. Rəsulzadənin adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışır 1975'ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 İyul 1976'cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. 7 iyun 1992'ci ildə Azərbaycan respublikasının ikinci prezidenti seçildi. Bu zaman qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları Erməni işğalçılarından təmizləndi. Laçının əksər kəndləri düşməndən azad edildi.
Keçmiş Sovet respublikaları arasında birinci olaraq Rus ordusunun Azərbaycan'dan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. Lakin Elçibəy iqtidarının daxili və xarici siyasətdə buraxdığı səhvlər çox keçmədən özünü göstərdi. Bəzi güvvələr tərəfindən dəstəklənən Sürət Hüseynov AXC iqtidarına qarşı qiyam qaldırdı. Elçibəy 1993'ün İyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşadı. Əbülfəz Elçibəy Məmmədəmin Rəsulzadənin yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür.
Əbülfəz Elçibəy 22 Avqust 2000'ci ildə - 63 yaşındaykən Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu.

