1906-cı ildə 27 apreldə açılan I Dövlət Dumasına Bakı və Yelizavetpol quberniyalarından deputat seçilir. Dumada müsəlman fraksiyasının yaradılmasına nail olur və fraksiyanın sədri seçilir. Çar II Nikolayın Dumanı qovmaq qərarına etiraz etdiyi üçün ona 3 aylıq həbs cəzası kəsilir və deputat seçilmək hüququndan məhrum edilir.
1914-cü ildə Bakıda 45 nəfərdən ibarət Məşvərət məclisi təşkil edərək müsəlmanların həllini gözləyən tələbləri barədə Tələblər paketini hazırlayaraq çar hakimiyyət orqanlarına göndərir. O 1917-ci ildə keçirilən müsəlman qurultaylarında iştirak və sədrlik edir. 1917-ci ilin sonuna qədər Bakıda Azərbaycan Milli Komitəsinə sədrlik edən Əlimərdan bəy həmin il Gəncədən Rusiya Müssislər Məclisinə nümayəndə seçilir. O ömrünün sonunadək heç bir siyasi partiyaya üzv olmur.
Azərbaycanın bütün dünyada tanınmasında Əlimərdan bəyin xidmətləri əvəzsizdir. F.X.Xoyskinin Gəncədə təşkil etdiyi ıı hökumətdə əvvəl portfelsiz sonra isə xarici işlər naziri olur. O Cümhuriyyətin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbulda olmuş və xeyli görüşlər keçirmiş, hətta İstanbulda Azərbaycan mətbuat bürosu da yaradır.
1918-ci il dekabr ayında işə başlayan Cümhuriyyətin Parlamenti qiyabi olaraq Əlimərdan bəyi sədr seçməsinə baxmayaraq əslində Həsən bəy Ağayev sədrlik edirdi. İstanbuldan birbaşa Paris Sülh Konfransına Azərbaycanın nümayəndə heyyətinin başçısı kimi göndərilir.
1919-cu ilin 28 mayında ABŞ Prezidenti V.Vilson başda Əlimərdan bəy olmaqla Azərbaycan nümayəndə heyyətini qəbul edir. Orada Azərbaycanın xəritəsi daxil olmaqla Qafqaz Azərbaycanı Cümhuriyyəti adlı 50 səhifəlik Azərbaycanı tanıdan kitabçanı nəşr edərək sülh konfransı iştirakçılarına paylamışlar. Paris sülh konfransının iştirakçı dövlətlərin Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərinin müstəqilliyini de-fakto tanıdıqlarını elan edirlər. Bu barədə qərar Fransa xarici işlər nazirliyi tərəfindən onlara rəsmən 15 yanvarda təqdim olunur. Parisdə yaşayan Əlimərdan bəy 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyətinin toplantısında, həmin ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında Sovet nümayəndə heyyətlərinin etirazlarına baxmayaraq Cümhuriyyət hökuməti tərəfindən ona verilmiş mandatla iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında məlumatlar verir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

